
Müəllif: Yusif
Allahı ﷻ zikr etmək insana çox zövq verən, həm də çox asan bir ibadətdir. İnsan çox az səy göstərməklə bu əməli edə bilər. Allahı zikr etməyin fəziləti və faydaları sayıla bilməyəcək qədər çoxdur.
Quran-i Kərimdən Dəlil
Allah ﷻ Qurani-Kərimin müxtəlif yerlərində zikri əmr etmişdir. O ayələrdən biri də budur:
“Ey iman gətirənlər, Allahı ﷻ çox zikr edin!”
(Əhzab, 41)
Zikrin İnsan Üçün Faydaları
Bu bir həqiqətdir ki, zikr etməyin Allaha ﷻ heç bir faydası yoxdur, çünki O, qulların zikrinə möhtac deyildir, ancaq qullar zikrə möhtacdır. Zikr sayəsində:
- Allah ﷻ ilə olan bağlar güclənir.
- İnsanın ruhu mənəvi bir qida alır.
- İnsanda böyük bir həvəs və qüvvət meydana gəlir.
- Bu ruhani qüvvətlə insan şeytana və nəfsinə qarşı daha rahat mübarizə aparır.
- Günahlardan çəkinməsi asanlaşır.
- Hər zikr edildikdə əməl dəftəri yaxşılıqlarla zənginləşir.
Peyğəmbərimizdən (ﷺ) Hədislər
Bir səhabə Peyğəmbərdən ﷺ soruşdu: “Allah ﷻ qatında ən fəzilətli, qiyamət günü ən uca olan ibadət hansıdır?” Əfəndimiz ﷺ buyurdu:
“Allahı ﷻ zikr etməkdir!”
(Camiül-Üsul)
Başqa bir səhabə Peyğəmbərə ﷺ dedi: “Ey Allahın Rəsulu! Yaxşılıqların müxtəlif növü var. Mənim bunların hamısını etməyə gücüm çatmır. Mənə elə bir şey öyrət ki, mən onu yaxşıca mühafizə edə bilim. Mənə əlavə şeylər söyləmə, çünki mən unutqanam”. Peyğəmbər ﷺ buyurdu:
“Sənin dilin hər zaman Allahın zikri ilə islansın.”
(Sünəni-Tirmizi)
Hz. Əbu Musa əl-Əşəri (r.a) Peyğəmbərin ﷺ belə buyurduğunu rəvayət edir:
“İçində Allahın ﷻ adı zikr edilən evlə içində Allahın adı zikr edilməyən ev arasında fərq ölüylə dirinin fərqi kimidir (Yəni içində zikr edilən ev diri, digəri isə ölüdür).”
(Səhihi-Buxari)
Başqa bir hədisdə Rəsulüllah ﷺ belə buyurur:
“Bir məclisdən Allahın ﷻ adını zikr etmədən qalxan kimsələr sanki ölü eşşək üzərindən qalxmışdır. Bu məclis qiyamət günü onların həsrətinə səbəb olacaqdır.”
(Sünəni-Əbu Davud)
Məclisin Sonunda Oxunan Dua
Rəsulüllah ﷺ bir hədisdə belə buyurmuşdur: “Bir məclisin sonunda bu dua oxunarsa, o məclis üçün kəffarə olar”.
سُبْحَانَكَ اللّٰهُمَّ وَبِحَمْدِكَ لَا اِلٰهَ اِلَّا اَنْتَ اَسْتَغْفِرُكَ وَاَتُوبُ اِلَيْكَ
“Allahım! Sənə həmd edər və nöqsan sifətlərdən tənzih edirəm, Səndən başqa ibadətə layiq haqq məbud yoxdur, Səndən bağışlanma istəyirəm və Sənə tövbə edirəm.”
(Sünəni-Nəsai)
Zikr Etməyin Asanlığı və Şərtləri
Allah ﷻ zikri o qədər asanlaşdırmışdır ki, heç bir şərtə bağlı qoymamışdır. Zikr ibadəti yeriyərkən, oturarkən, qalxarkən, iş görərkən edilə bilər. Bunun üçün dəstəmazlı olmaq da şərt deyil, hətta heyz və cənabət halındaykən də zikr etmək caizdir.
Diqqət: Çılpaq və ya ayaqyolu kimi nəcasət olan yerlərdə dil ilə zikr etməmək, yalnız qəlb ilə zikr etmək lazımdır.
Tövsiyə Edilən Kitablar
Xüsusi zikrlər üçün aşağıdakı kitabları mütaliə edə bilərsiniz:
- Fəzailüz-Zikr (Zikrin Fəzilətləri): Yazar: Şeyxülhədis Mövlana Zəkəriyyə Kəndəhləvi (r.a)
- Zikrüllah: Yazar: Mövlana Müfti Muhəmməd Şəfi (r.a)
- Mamülətül-Yəvmiyyə: Yazar: Dr. Abdulhaqq Arifi (r.a)
Qısa və Fəzilətli Zikrlər
Aşağıda bir neçə qısa zikr yazılmışdır. Hər bir halda onları dilimizdən düşürməyək.
1. Rəsulüllah ﷺ buyurdu: “Bu iki söz Rəhmana çox sevimlidir. Onları dilə gətirmək çox asandır, amma mizanda çox ağır gələcəkdir”. (Səhihi-Buxari)
سُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ، سُبْحَانَ اللَّهِ العَظِيمِ
2. Bir hədisdə belə keçir: “Bu sözləri çoxca söyləyin, çünki bu sözlər cənnət xəzinələrindən bir xəzinədir”. (Mişkat)
لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللهِ
3. Bir hədisdə belə buyurulur: “Hər kim səhər açılanda bu sözləri on dəfə oxuyarsa, İsmayılın (ə.s) övladlarından on kölə azad etmiş kimi savab qazanar. Ona on savab yazılar, on günahı silinər, on dərəcə yüksələr və axşama qədər şeytanın şərrindən qorunar. Kim bu sözləri axşam oxuyarsa, sabaha qədər bu faydaları əldə edər”. (Sünəni-Əbu Davud)
لَا اِلٰهَ اِلَّا اللّٰهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ